Sabiq deputat 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini...- mətbuatı isə susdurmağa çalışır

Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” MTK-sının özbaşına, saxta alqı-satqı müqaviləsi əsasında özəl əmlakı sökməsinə görə cinayət işi başlanıb. Söhbət Bakının mərkəzində, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manatdan artıq olan özəl mülkiyyətdən gedir. Sökülənə qədər binanın zirzəmi mərtəbəsində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər düzənlədiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.
Əsabil Qasımov özəl mülkiyyət sahibi Naiq Məmmədhəsənovla əmlakın alqı-satqısı barədə razılığa gəlib. Onun tapşırığına əsasən, mülkiyyət sahibi olan iş adamı Naiq Məmmədhəsənovla müqavilə bağlanıb. Müqavilə üzrə öhdəliklərin icrası isə... “unudulub”.
Ortada cinayətə bərabər, məhkəmələrə saxta sənədlərin təqdim olunması kimi faktlar var və iş üzrə 2026-cı ildə başlanmış cinayət işi mövcuddur!
Mətbuat bu haqda yazandan sonra Əsabil Qasımovun “Azəri-Tikinti Şirkəti” MTK-sı özəl mülkiyyət sahibi Naiq Məmmədhəsənovu, “Təzadlar” qəzeti və “Vətəninfo.az” saytlarını məhkəməyə verib. İddiaçılar sabiq deputatın MTK-nın rəsmiləri Ramilə Bağırova və Mətin Əmiraslanovdur.
Sabiq deputatın adamları iş adamı və mətbuatdan nə tələb edir?
Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, təkzib, üzr istənilməsi və... kompensasiya! Amma gəlin görək bu iddiaların arxasında həqiqətən də təmiz vicdan, yoxsa ifşa olunmaqdan qorxanların əks-hücumu dayanır?
“Saxta məktublar” və “istehsal olunan” qanunsuz aktlar
Hər şey “Təzadlar” qəzetində dərc olunan bir yazıyla başladı: “Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları “istehsal” ediblər?”
Həmin yazıda iddiaçıların - xüsusilə “Azər-Tikinti Şirkəti”nin İdarə Heyətinin sədri Mətin Əmiraslanovun və Ramilə Bağırovanın əməlləri işıqlandırılmışdı. Məqalədə Mətin Əmiraslanovun 170 kv.m və 226 kv.m sahələri qanunsuz olaraq üçüncü şəxslərə satdığı, əmlakları özbaşına özgəninkiləşdirdiyi, sabiq deputat Əsabil Qasımovun isə iş adamı Naiq Məmmədhəsənova məxsus 2 mərtəbəli, 481 kv.m əmlakı mənimsədiyi vurğulanırdı.
Jurnalistlər bu yazını havadan götürməmişdilər. Redaksiyaya təqdim olunan rəsmi sənədlər, məhkəmə aktları, ekspert rəyləri, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin arayışları kimi sübutlar kimi ortadadır. Amma maraqlıdır ki, məqalə dərc olunmazdan əvvəl qarşı tərəfə - yəni Əsabil Qasımov və əsabələrinə elektron poçtla, telefon zəngləri ilə müraciət edilsə də, onlar susmağa üstünlük vermişdilər. İndi isə məhkəmə qapısını döyüb “haqsızlığa uğramışıq” deyirlər.
Məsələnin mahiyyətinə vardıqca, ortaya çıxan mənzərə həqiqətən də detektiv filmlərini xatırladır.
Müqavilənin “054” sirri
İşdə 21 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş razılaşma müqaviləsi var. Şikayətçi iş adamı Naiq Məmmədhəsənovun əlindəki nüsxədə sadəcə “Razılaşma müqaviləsi” yazılıb. Əsabil Qasımovun adamı Mətin Əmiraslanovun məhkəməyə təqdim etdiyi həmin “Razılaşma müqaviləsi”nin surətində isə 054 rəqəmi peyda olub. Notariusun təsdiq etdiyi sənədin sonradan dəyişdirilməsi nə deməkdir və hansı məqsədə xidmət edir?
Sabiq deputat Əsabil Qasımovun qohumu Könül Əhmədova ilə “Azəri-Tikinti Şirkəti” MTK arasında Naiq Məmmədhəsənovun həyat yoldaşına məxsus 85 kv.m-lik qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı müqavilə bağlanıb. Amma ortada nə yazılı razılaşma var, nə də həmin əmlakın MTK-ya satılmasına dair qanuni əsas. Buna baxmayaraq, obyekt özbaşına sökülüb! Və bütün bunlar Bakının mərkəzində, Azadlıq prospektində baş verib. Vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququna açıq şəkildə qəsd olunub, böyük bir cinayət törədilib!
Məsələ Naiq Məmmədhəsənov tərəfindən Nəsimi rayon Məhkəməsinə daşınıb. Məhkəmə onun əmlakının qanunsuz sökülməsi faktını tanıyıb və haqlı olaraq 394 min 342 manat kompensasiyanın “Azəri Tikinti Şirkəti” MTK-dan tutularaq ödənilməsinə qərar verib!
İşdə saxta imzalar məsələsi də var!
Ən dəhşətlisi odur ki, DİN-in Nəsimi RPİ-nin İstintaq şöbəsində AR CM-in müvafiq maddələri ilə başlanan cinayət işi çərçivəsində təyin olunan ekspertiza hər şeyi üzə çıxarıb. “Ekspertiza Tədqiqatları Mərkəzi” MMC-nin 29 aprel 2026-cı il tarixli rəyi sübut edib ki, Könül Əhmədovanın adından yazılmış sənədlərdəki imzalar başqa şəxs tərəfindən saxtalaşdırılıb. Yəni işdə alqı-satqı tərəfi kimi keçən Könül Əhmədovanın imzası saxtalaşdırılıb. Bunu kim edə bilər və bu saxtalaşdırmadan qazanan tərəf kimdir?
Sabiq deputat Əsabil Qasımovun şirkəti vətəndaş Naiq Məmmədhəsənovun Bakının mərkəzində əmlakını söküb və yerində hündürmərtəbəli bina tikibsə, üstəlik vətəndaşın əmlakınma görə haqqını ödəməyibsə, burada “xoruzun quyruğu” görünür.
Dövlət qurumlarını aldatma cəhdləri və ziddiyyətli ifadələr
Mətin Əmiraslanovun və onun hüquqi mətnlərini hazırlayan Ramilə Bağırovanın mövqelərindəki ziddiyyətlər adamı heyrətləndirir. Bir tərəfdən dövlət qurumlarına rəsmi məktublar yazaraq guya bütün öhdəliklərin yerinə yetirildiyini, mülklərin təhvil verildiyini iddia edirlər; digər tərəfdən isə eyni məhkəmələrə göndərdikləri pretenziya məktublarında və iddia ərizələrində mülkiyyətçilərin guya şərtləri pozduğunu yazaraq müqavilənin ləğvini tələb edirlər.
Bir sözlə, ağa qara, qaraya da elə ağ deyilir. Amma sənədlər, ekspertiza rəyləri və Baş Prokurorluğun təqdimatı ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində başlanan cinayət işi hər şeyi öz yerinə qoyur.
İndi isə söz Yasamal Rayon Məhkəməsinindir. Ədalət bərqərar olmalı, həqiqəti ört-basdır etməyə çalışanlar deyil, qanunun aliliyini qoruyanlar haqlı çıxmalıdır.
E.Məmmədəliyev,
Musavat.com

































