Bizimhedef.az » Göydəniz Qəhrəmanov: “Cəbrayılda həyata keçirilən layihələr vahid strateji yanaşmanın tərkib hissələri kimi reallaşdırılır”

Göydəniz Qəhrəmanov: “Cəbrayılda həyata keçirilən layihələr vahid strateji yanaşmanın tərkib hissələri kimi reallaşdırılır”

  • Сегодня, 14:07
  • ---
  • 0
Göydəniz Qəhrəmanov: “Cəbrayılda həyata keçirilən layihələr vahid strateji yanaşmanın tərkib hissələri kimi reallaşdırılır”

“Bir ərazinin yenidən dirçəlişini tikilən binalarla, çəkilən yollarla yanaşı, torpağa həyatın qayıtması, insanların doğma yurdlarına dönməsi, iqtisadi imkanların gurulması və tarixi yaddaşı gələcək inkişafın təməl daşı kimi qorunmasıdır. Bu mənada, işğaldan azad edildikdən sonra Cəbrayılda gedən proseslər Azərbaycanın azad olunmuş ərazilər üzrə həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. 1993-cü ilin avqustunda işğala məruz qalan Cəbrayıl rayonu 27 il ərzində böyük dağıntılarla üzləşdi. Bir vaxtlar zəngin təbii sərvətləri, kənd təsərrüfatı ənənələri, inkişaf etmiş sosial infrastrukturu ilə seçilən rayon demək olar ki, viran qoyuldu. Onlarla məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, tarixi və dini abidə işğalın qurbanına çevrildi. Cəbrayıldan olan on minlərlə insan Azərbaycanın müxtəlif bölgələrinə səpələnərək uzun illər məcburi köçkün həyatı yaşadı. Bu, təkcə bir rayonun deyil, bütöv bir xalqın yaddaşında dərin iz buraxan ağır dövr idi.”

Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a 4 Oktyabr – Cəbrayıl şəhəri günü ilə əlaqədar verdiyi açıqlamada deyib.
     
 Fikirlərini davan etdirən deputat Cəbrayıl əməliyyatının II Qarabağ savaşının gedişində müstəsna əhəmiyyətini diqqət mərkəzinə çəkib: “Cəbrayılın tarixində dönüş 2020-ci ildə baş verdi. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar nəticəsində rayonun böyük hissəsi işğaldan azad edildi. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu. Həmin qələbə təkcə ərazi bütövlüyünün bərpası baxımından deyil, sonrakı hərbi əməliyyatların istiqamətinin müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət daşıdı. Cəbrayıl istiqamətində əldə olunan üstünlük Azərbaycan Ordusunun daha geniş miqyasda irəliləməsinə imkan verdi. Bu gün 4 Oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın tarixi Qələbə təqviminin mühüm günlərindən biridir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması Cəbrayılın azad edilməsinin tarixi əhəmiyyətinin dövlət səviyyəsində əbədiləşdirilməsidir. Bu tarix həm xalqın keçdiyi çətin yolu, həm də həmin yoldan doğan qalibiyyət hissini özündə birləşdirir.”
       Daha sonra Parlament üzvü Cəbrayılın azad edilməsindən sonra başlayan bərpa və quruculuq prosesindən və rayonun yeni inkişaf mərhələsininformalaşdığından bəhs edib: “Cəbrayılda həyata keçirilən layihələrin mühüm xüsusiyyəti onların bir-birindən ayrı tədbirlər kimi deyil, vahid strateji yanaşmanın tərkib hissəsi kimi reallaşdırılmasıdır. Yaşayış məntəqələrinin salınması ilə paralel olaraq enerji təminatı, nəqliyyat infrastrukturu, sənaye, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrinin inkişafı üçün də geniş imkanlar yaradılır.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı bu gələcəyin əsas konturlarını müəyyənləşdirir. Şəhərin mərhələli şəkildə inkişafı, müasir yaşayış binalarının və fərdi evlərin inşası, sosial və ictimai xidmətlərin yaradılması nəzərdə tutulur. Başlıca məqsəd yalnız insanları Cəbrayıla qaytarmaq deyil, onların burada uzunmüddətli və rahat yaşayışını təmin edən müasir şəhər mühiti yaratmaqdır. Bu yanaşma rayonun kəndlərində də aydın görünür.
Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri üzrə hazırlanan inkişaf layihələri gələcəkdə minlərlə insanın bu ərazilərdə məskunlaşmasına şərait yaradır. Məktəblərin, uşaq bağçalarının, inzibati və ictimai binaların, ticarət və xidmət obyektlərinin inşası nəzərdə tutulur. Deməli, Böyük Qayıdış yalnız evlərin tikintisi deyil, bütöv yaşayış məkanının, sosial münasibətlərin və iqtisadi həyatın yenidən formalaşdırılması deməkdir. Cəbrayılın yeni inkişaf konsepsiyasında iqtisadi amil də xüsusi yer tutur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması rayonun gələcək iqtisadi imkanlarını genişləndirən mühüm layihələrdəndir. Logistika, ticarət, xidmət və istehsal sahələrinin inkişafına hesablanan bu layihə Cəbrayılın coğrafi mövqeyindən səmərəli istifadə olunmasına, sahibkarlıq fəallığının artmasına və yeni iş yerlərinin açılmasına xidmət edir. Nəqliyyat layihələri isə Cəbrayılın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolunu daha da artırır. Horadiz-Ağbənd dəmir yolu xəttinin, yeni avtomobil yollarının və digər kommunikasiya layihələrinin həyata keçirilməsi rayonun tranzit imkanlarını genişləndirir. Bu layihələr Cəbrayılı yalnız yaşayış məntəqəsi kimi deyil, mühüm iqtisadi və nəqliyyat qovşağı kimi formalaşdırır. Prezident İlham Əliyevin Cəbrayıla çoxsaylı səfərləri və bu səfərlər çərçivəsində sosial, iqtisadi, sənaye və infrastruktur layihələrinin əsasının qoyulması dövlətin rayona xüsusi diqqətinin göstəricisidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət azad edilmiş ərazilərin bərpasının yüksək sürətlə və konkret plan əsasında aparılmasını təmin edir. Cəbrayılda görülən işlər həmin siyasətin real nəticələrini nümayiş etdirir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını yekunlaşdırıb.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya