ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
- Сегодня, 11:52
- dunya
- 0

“ABŞ Ermənistanın silahlı qüvvələrində islahat aparmaqda ona dəstək olmağa davam edəcək”. Bunu Birləşmiş Ştatların müdafiə nazirinin müavini Endryu Lumis İrəvanda keçirilən Ermənistan-Amerika müdafiə məsləhətləşmələrində bildirib.
Məlumata görə, sentyabrın 18-də baş tutan görüşdə tərəflər son illərdə ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramların nəticələrini müzakirə ediblər.
Lumisin sözlərinə görə, Vaşinqton Ermənistanın davam edən müdafiə islahatlarını dəstəkləməyə davam etmək niyyətindədir. Buraya məsləhət proqramları, təcrübə mübadiləsi və Ermənistan ordusunun transformasiyasını asanlaşdırmaq üçün hazırlanmış digər yardım proqramları daxildir. Məsləhətləşmələrdən sonra iki ölkənin nümayəndələri görülən işlər və əldə edilən razılaşmalar barədə protokol imzalayıblar.
ABŞ Bakı ilə də analoji məsləhətləşmələr aparırmı, yoxsa Türkiyə olan yerdə ABŞ-yə ehtiyac yox?
Hərbi ekspert Ramil Məmmədli Ermənistan ordusunun sovet - rus məktəbi əsasında qurulduğunu açıqlayıb. Musavat.com-a danışan ekspert qeyd edib ki, indi ordu NATO sisteminə uyğunlaşdırılır və ABŞ təcrübəsini onunla bölüşür: "44 günlük müharibədən sonra erməni ordusunda köklü dəyişikliklərə zərurət olduğu üzə çıxdı. Müharibəni uduzan Köçəryan və Sərkisyanın, Ohanyanın ordusu idi. Paşinyan bu gün də o fikri səsləndirir ki, 44 günlük müharibədə onların qurduğu ordu iştirak edirdi. İndi isə iddia edir ki, yeni ordu qurulur, yeni silahlar alınır, Qərb təcrübəsinə yiyələnir. Təbii ki, ABŞ bu yöndə dəstək verir və sovet-rus məktəbindən uzaqlaşmağa başlayırlar. İki ölkə arasında xartiya imzalanıb, birgə hərbi təlimlər də keçirilib, ona görə burada təəccüblü hal yoxdur".
Azərbaycana gəldikdə isə Ramil Məmmədli ordumuzun çoxdan NATO standartlarına uyğun qurulmaqda olduğunu bildirib: "Azərbaycan Türkiyə təcrübəsindən istifadə edir, birgə təlimlər keçilir. Bu da elə NATO ordusunun təcrübəsindən yararlanmaq deməkdir. Eyni zamanda, NATO ilə əməkdaşlıq çərçivəsində təlim kursları, proqramlar icra olunur, zabitlərimiz təcrübə proqramlarında iştirak edirlər. O baxımdan, ABŞ-nin xüsusi dəstəyinə ehtiyac yoxdur".
Ekspert qeyd edib ki, Ermənistana verilən dəstəyin əsas səbəbi Rusiya ilə bağlıdır. Onun sözlərinə görə, Qərb Ermənistanda Rusiyanın təsirlərini hərtərəfli azaltmağı qarşısına məqsəd qoyub və orduda da bu proses getməkdədir: "Erməni ordusunda Rusiyaya bağlı "5-ci kolon" var. Paşinyan son illərdə bu istiqamətdə "təmizləmə" aparmağa çalışıb. Lakin heç də sona çatdıra bilməyib. Odur ki, ABŞ dəstəyi genişləndirir".
































