Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq
- 21-01-2025, 14:31
- siyaset
- 54 942
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.


































