“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”
- 31-07-2024, 12:23
- sosial
- 81 546
“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”
Heydər ƏLİYEV
Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.
Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub.
Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.
Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.
Biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili.
Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.

































