Bizimhedef.az » Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

  • Сегодня, 13:41
  • ---
  • 0
Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq


27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad etdiyi gündür. Bu tarix hər birimizin qəlbində həm hüzn, həm də qürur hissi yaradır. Şəhidlərimizin keçdiyi şərəfli yol, göstərdikləri fədakarlıq və Vətən sevgisi heç vaxt unudulmayacaq.
Qarabağ məsələsinin xalqımız üçün milli məsələyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin xüsusi rolu olmuşdur. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Azərbaycanın güclənməsinə, milli birliyin möhkəmlənməsinə və gələcək Zəfər üçün möhkəm təməlin yaranmasına xidmət etmişdir.
Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması xalqımızın ən böyük ağrılarından biri olmuşdur. Birinci Qarabağ müharibəsindən sonra minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, torpaqlarımız işğal altında qalmışdır. Azərbaycan dövləti uzun illər problemin sülh yolu ilə həllinə çalışsa da, nəticə əldə olunmadı. Ermənistanın davamlı hərbi təxribatları və işğal siyasəti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına səbəb oldu.
Həmin gündən etibarən Azərbaycan xalqı böyük həmrəylik nümayiş etdirdi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin arxasında bütün xalqımız dayanmışdı. Müharibə günlərində hər bir ailə cəbhədən gələn xəbərləri böyük həyəcanla izləyir, qələbə xəbərini gözləyirdi. “Öldü var, döndü yoxdur” düşüncəsi həmin günlərdə xalqımızın ümumi ruhunu ifadə edirdi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. İşğal altında olan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız doğma Qarabağımızda yenidən dalğalandı. Şuşanın azad olunması isə Zəfər tariximizin ən möhtəşəm səhifələrindən birinə çevrildi. Bu Qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı əvəzsizdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev demişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” Bu qürurun arxasında isə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs xatirəsi dayanır.
Azərbaycan dövləti şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğını daim davam etdirir. Onların sosial müdafiəsinin gücləndirilməsi, müalicəsi, reabilitasiyası və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bir müəllim olaraq mən düşünürəm ki, şəhidlərimizin xatirəsini yaşatmaq təkcə Anım Günündə onları yad etməklə bitmir. Bu xatirə hər gün sinif otaqlarımızda, uşaqlarımıza söylədiyimiz sözlərdə, onlara aşıladığımız Vətən sevgisində yaşamalıdır. Biz ibtidai sinif müəllimləri olaraq gələcəyin vətəndaşlarını yetişdiririk. Şagirdlərimiz bilməlidirlər ki, bu gün məktəbə rahat gəlməyimiz, bayrağımız altında təhsil almağımız və Qarabağımızın adını qürurla çəkməyimiz böyük bir fədakarlığın nəticəsidir.
Mən istəyirəm ki, şagirdlərim şəhid sözünü yalnız dərslikdə oxumasın, onun arxasında dayanan böyük mənanı dərk etsin. Onlar Vətəni sevməyin yalnız sözlə deyil, yaxşı oxumaq, məsuliyyətli olmaq, dövlətinə və xalqına layiqli vətəndaş kimi yetişməklə də ifadə olunduğunu anlasınlar. Çünki şəhidlərimizin həyat yolu bizim üçün həm tarix, həm də əsl vətənpərvərlik məktəbidir.
27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Bakı şəhəri 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ağayeva Xəyalə.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya