COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir
- 26-04-2024, 11:22
- siyaset
- 69 032
Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir;
2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.
Bakı dünyanın neft sənayesinin yarandığı yerdir. Bu gün isə rəmzi məna ondan ibarətdir ki, qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcəkdir.
ADA Universiteti aidiyyəti beynəlxalq təsisatlarla birgə təlimlərin, konfransların və tədqiqatların təşkil edilməsi ilə COP29 Təşkilat Komitəsinin akademik tərəfdaşı olmaqdan şərəf duyur. Bu forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcək.
Bununla yanaşı, biz diqqətimizi erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinə yönəltməliyik.
Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

































