Главная > --- > Göydəniz Qəhrəmanov: “Azərbaycan-Böyük Britaniya əməkdaşlığı elmi və texnoloji inkişaf üçün yeni imkanlar açır”
Göydəniz Qəhrəmanov: “Azərbaycan-Böyük Britaniya əməkdaşlığı elmi və texnoloji inkişaf üçün yeni imkanlar açır”Вчера, 23:09. Разместил: vasif |
![]() “Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin yalnız ənənəvi siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, gələcəyin inkişaf istiqamətlərini də əhatə etdiyini nümayiş etdirir. 2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəddə təhsil, elm, tədqiqat və innovasiya sahələrinə xüsusi yer ayrılması diqqətəlayiqdir. Bu, tərəflərin strateji tərəfdaşlığı uzunmüddətli inkişaf, insan kapitalının gücləndirilməsi və müasir texnologiyaların tətbiqi üzərində qurmaq niyyətini ortaya qoyur.” Millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında belə deyib. Deputat diqqətə çatdırıb ki, müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslar və maliyyə imkanları ilə ölçülmür və elmi potensial, texnoloji yeniliklər, rəqəmsal idarəetmə və yüksək ixtisaslı kadrların hazırlanması dayanıqlı inkişafın əsas şərtlərinə çevrilib: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bu sahələrdə zəngin təcrübəsi, qabaqcıl universitetləri və elmi-tədqiqat infrastrukturu Azərbaycan üçün mühüm əməkdaşlıq imkanları yaradır. Bəyannamədə ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, süni intellekt və həyat elmləri üzrə əməkdaşlığın nəzərdə tutulması tərəfdaşlığın məhz gələcəyə hesablanmış xarakterini təsdiqləyir. Bu yanaşma Azərbaycanın dövlət siyasətində müəyyənləşdirilmiş prioritetlərlə də uzlaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təhsilin dahada genişlənməsi, elmi araşdırmaların təşviqi və yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası bu siyasətin mühüm tərkib hissəsidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə yeni əməkdaşlıq çərçivəsi həmin məqsədlərin beynəlxalq təcrübə və institusional tərəfdaşlıq vasitəsilə reallaşdırılması üçün əlavə imkanlar açır.” Parlament üzvünün sözlərinə görə imzalanan bəyannamənin digər mühüm cəhəti innovasiya prosesinə yalnız elmi müəssisələrin fəaliyyəti kimi deyil, universitetlər, tədqiqat institutları, sənaye və biznes strukturları arasında qarşılıqlı əlaqə sistemi kimi yanaşılmasıdır: “Bu model biliklərin praktik nəticələrə çevrilməsini, yeni texnologiyaların istehsalata tətbiqini və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsini dahada sürətləndirə bilər. Süni intellekt, rəqəmsal idarəetmə və inkişaf etməkdə olan texnologiyalar üzrə təcrübə mübadiləsi isə hər iki ölkənin müasir çağırışlara daha çevik uyğunlaşmasına xidmət edəcək. Sənəddə insanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafına da diqqət yetirilməsi strateji tərəfdaşlığın humanitar ölçüsünü gücləndirir. Çünki davamlı münasibətlər yalnız hökumətlərarası razılaşmalarla deyil, xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsi ilə də inkişaf edir. Təhsil və elmi əməkdaşlıq bu baxımdan gələcək nəsillər arasında uzunmüddətli əlaqələrin formalaşmasına xidmət edən mühüm vasitədir. Ümumilikdə, Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkənin münasibətlərini yeni inkişaf mərhələsinə daşımaqla yanaşı, əməkdaşlığın intellektual və texnoloji əsaslarını da möhkəmləndirir. Bu sənəd göstərir ki, tərəflər qarşılıqlı maraqları yalnız bugünkü imkanlar çərçivəsində deyil, gələcək nəsillərin inkişaf perspektivləri baxımından da qiymətləndirirlər” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. Вернуться назад |