Главная > --- > Dövlət hər zaman öz əsgərinin yanındadır

Dövlət hər zaman öz əsgərinin yanındadır


Сегодня, 13:44. Разместил: vasif
Dövlət hər zaman öz əsgərinin yanındadır


27 Sentyabr Azərbaycan xalqının yaddaşında “Anım Günü” kimi xüsusi yer tutur. Bu gün Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, xalqımız tarixi qələbə qazanmışdır. Müharibə dövründə Azərbaycan əsgəri böyük şücaət və vətənpərvərlik nümayiş etdirdi. Ordumuzun hər bir üzvü torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla mübarizə apardı. Dövlət hər zaman öz əsgərinin və şəhid ailələrinin yanında oldu. Qazilərin müalicəsi, sosial təminatı və məşğulluğu istiqamətində mühüm tədbirlər həyata keçirilir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsi dövründə xalqımız böyük birlik və həmrəylik nümayiş etdirdi. Həmin günlərdə hər kəs eyni amal uğrunda birləşmişdi. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq: “Öldü var, döndü yoxdur.” Bu şüar əsgərlərimizin Vətən sevgisini, qələbəyə olan inamını və qətiyyətini ifadə edirdi. Azərbaycan əsgəri torpaqlarımızın azadlığı naminə heç bir çətinlikdən çəkinmədi, böyük qəhrəmanlıq nümunələri göstərdi. Döyüşlər zamanı hərbçilərimiz düşmənə qarşı mərdliklə mübarizə apararaq işğal altında olan torpaqlarımızı azad etdilər. Xalqımız ordumuzun yanında oldu, hər bir qələbə xəbərini böyük sevinc və qürur hissi ilə qarşıladı. Bu birlik və həmrəylik qələbəmizin əsas amillərindən biri oldu. Əsgər Vətənin keşiyində dayanarkən arxasında nəhəng bir gücün – bütün xalqın və dövlətin dayandığını hiss etdi. Bu hiss əsgərə ikiqat güc, qürur və inam qazandırdı. Xalq ilə ordu arasındakı qırılmaz bağlar hər zaman cəmiyyətimizin ən güclü sütunu olub. Əsgərə göstərilən diqqət əslində Vətənə, torpağa olan sevginin təzahürüdür. Tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi bir daha sübut etdi ki, dövlət-ordu-xalq birliyi hər hansı bir çətinliyi dəf etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgərimizin göstərdiyi şücaət və qəhrəmanlıq dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu gün hər bir əsgər bilir ki, o, yalnız xidmət etdiyi müddətdə deyil, hər zaman dövlətin diqqət mərkəzindədir.
"Vətənin müdafiəsi uğrunda canından keçməyə hazırolan hər bir şəxsin hüquq və mənafelərinin qorunması dövlətin ali vəzifəsidir." "Dövlət hər zaman öz əsgərinin yanındadır" ifadəsi sadəcə təntənəli şüar deyil, illərin sınağından çıxmış, əməli işlərlə hər gün təsdiqini tapan sarsılmaz bir reallıqdır. Güclü əsgər qüdrətli dövlət deməkdir; qüdrətli dövlət isə öz əsgərinə arxa duran, onun həm xidmət dövründə, həm də ehtiyata buraxıldıqdan sonra hər zaman qayğısını əsirgəməyən güclü məmləkətdir. Vətənin sərhədlərini göz bəbəyi kimi qoruyan Azərbaycan əsgəri hər zaman dövlətin hərtərəfli diqqətini və isti nəfəsini hiss edir. Bu qarşılıqlı sadiqlik və etimad xalqımızın sabaha olan inamını daha da möhkəmləndirir, gələcək nəsillərdə Vətənə sevgi və sədaqət duyğularını ən yüksək səviyyədə formalaşdırır. Çünki torpağını qorumağa hazır olduğunu sübut edən hər bir Vətən övladı dövlətin ən ali dəyəri və qürur mənbəyidir. Bu gün hər bir Azərbaycan vətəndaşı ordumuzla fəxr edir. Əsgərlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Dövlətimizin əsgərlərinə göstərdiyi qayğı və dəstək gələcəkdə də davam edəcək, onların xidmətləri hər zaman yüksək qiymətləndiriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
“Şəhidlər ölməz,Vətən bölünməz!”
Qənbərova İlkanə Salman qızı- 81 nömrəli tam orta ümumtəhsil məktəbi

Вернуться назад