Главная > siyaset > 27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl2-10-2024, 14:55. Разместил: vasya |
![]() Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Cəbrayıl rayonuna qayıdış hələ Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı. Vətən Müharibəsi başa çatandan qısa müddət sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident cənab İlham İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısı ötən illərdə oktyabrın 4-də - Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə bu əraziyə səfər edərək Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak edib. Hazırda Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı tikinti-bərpa işləri sürətlə həyata keçirilir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş bütün ərazilərimizin yenidən qurulması üçün atılan addımlar hər birimizi qürurlandırır. Böyük Qayıdışın gerçəkləşməsi yönündə görülən işlər sürətlə davam etdirilir. Вернуться назад |